"Bloqumun istifadəçiləri olan müəllimlər mənə təşəkkür edirlər" PDF Çap Elektron poçt ünvanı
13.01.15 15:20

Yenilənən dünyanın özü ilə gətirdiyi yeniliklərə uyğunlaşmaq bəziləri üçün çətin olsa da, əksəriyyəti bunu işlərinin mərkəzinə gətirməyi bacarır. Elə götürək informasiya-kommunikasiya texnologiyalarının (İKT) həyatımıza daxil olmasını.

Bəziləri İKT-ni öyrənməyə çətinlik çəksə də, bir çoxlarımız işlərimizi elektron vasitələrlə görməyə başladıq. Təbii ki, bu vasitələr həm işlərimizi asanlaşdırır və həm də onu daha geniş kütlələrə çatdırmağa imkan verir.

 

Bu dəfə sizinlə tanış etmək istədiyim xanım da fənnini daha çox insana çatdırmaq üçün öz bloqunu yaradıb. Bu vasitə ilə fizikanı əyləncəli şəkildə tədris edir.
Müsahibim Aliyə Əhmədova "Əyləncəli fizika kurikulumu" bloqunun yaradıcısı və həmin bloqa görə V "Elektron təhsil" müsabiqəsinin qalibidir.

Müsahibimdən özünü tanıtmağını istəyirəm:
- Mən Əhmədova Aliyə Fərman qızı. Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Təhsil Problemləri İnstitutu və "Demokratik Gənclər" İctimai Birliyinin birgə təşkil etdiyi "Ən yaxşı təhsil bloqu" Respublika müsabiqəsinin "Ən yaxşı təhsil bloqçusu" fəxri adının sahibi; V "Elektron təhsil" respublika müsabiqəsinin "Müəllimlərin bloqları" nominasiyası üzrə 1-ci yerin sahibi.
"Biz də elə sizinlə V "Elektron təhsil" müsabiqəsi, müsabiqəyə gələnə qədər keçdiyiniz yol barədə danışmaq istəyirik",- deyib, müsahibəyə başlayırıq.

- Elektron avadanlıqlar, elektron resurslar Azərbaycan müəllimi üçün bir yenilikdir. Bəs siz bu müsabiqəyə necə qatıldınız?
- Mən bu müsabiqənin keçirilməsi ilə bağlı 2013-cü ildə IV "Elektron təhsil" respublika müsabiqəsi elan olunduqdan sonra xəbər tutmuşam. O zaman layihəyə qeydiyyat bitmişdi. Belə deyim ki, kənardan bir müşahidəçi kimi mənə xüsusilə maraqlı gələn "Müəllimlərin bloqları"nominasiyasındakı müsabiqəyə qatılmış bloqları incələyir, araşdırır və öyrənirdim. Özümə söz verdim ki, növbəti dəfə müsabiqəyə mən də müəllim bloqu təqdim edəcəyəm. Bloq işini təlimlərdən deyil, özümün internet üzərindən araşdırmalarımla öyrəndim. Düşünürəm ki, bloqumun zəngin olmasına səbəb məhz bu araşdırmalardır.

- Bloqum zəngindir deyirsiniz, bəs siz fizikanı bloqunuzda hansı üsullarla tədris edirsiniz?
- Heç kimə sirr deyil ki, tədris etdiyim fizika fənni şagirdlər tərəfindən qavranılması çətin olan fənlərin sıralanmasına birincilik edənlərdəndir. Buna görə də bloqum "Əyləncəli fizika" məzmunludur. Amma müəllimlərin sınaq qiymətləndirməsi ilə əlaqədar olaraq bloq izləyicilərindən mənə gələn mesajları nəzərə alaraq bloqumun məzmununa əlavələr etməli oldum. Yəni bloq həm də fizika kurikulumu məzmunu ilə də müəllimlərin istifadəsindədir. Müsabiqəyə təqdim etdiyim "Əyləncəli fizika kurikulumu" bloqu faydasına görə irəlidə daha çox məşhurlaşacaq bir elektron resursdur. Təhsil strategiyasının hədəflərindən biri də fənn kurikulumlarının təkmilləşdirilməsi, e-resursların hazırlanmasıdır. Mən də fəaliyyət göstərən bir müəllim kimi bu baxımdan təhsilimizin inkişafı yönümündə bacardığımı etməyə çalışdım.

- "Əyləncəli fizika kurikulumu"- bunu necə izah edə bilərsiniz?
- Bloqda toplanmış bütün e-resurslar, virtual laboratoriya materialları, öyrədici videoçarxlar, online interaktiv tapşırıqlar, flash öyrədici animasiyalar, fizika kurikulumu sənədləri və s. real dərslərdə istifadə üçün müasir üsullardır. "Əyləncəli fizika kurikulumu" fənn bloqu özündə iki məzmunu birləşdirir. Əyləncəli fizika məzmunu fizikanı öyrənmə ərəfəsində olan şagirdlərimiz üçündür. Fizika kurikulumuna gəldikdə isə bu kurikuluma adaptasiya mərhələsində olan müəllim həmkarlarımı nəzərə almışam.

- Müsabiqənin mərhələləri, keçdiyiniz yol barədə məlumat verin...
- Müsabiqə musabiqe.edu.az saytından online olaraq elan olunan, gedişatı rahatlıqla izlənilən bir prosesdir. Müsabiqənin bütün mərhələləri, təqdim olunmuş layihələr və onların müəllifləri hər kəsin izləməsinə açıq olur. Birinci mərhələdə müsabiqəyə layihələr təqdim olunur. Ekspertizadan keçən işlər II mərhələyə buraxılır. Qiymətləndirmə meyarları əsasında çeşidlənən işlər III mərhələyə keçərək nominant adını qazanırlar. IV mərhələdə isə ən yüksək balları toplamış müəllimlər canlı təqdimetmə mərhələsinə dəvət olunurlar. Bu mərhələdə Təhsil Nazirliyinin nümayəndələrindən, təşkilatçılardan və münsiflərdən ibarət heyət qarşısında çoxsaylı sualları cavablandırmalı olursan. Qeyd etmək istəyirəm ki, müsabiqə mərhələlərinin təqdimetmə və təltifetmə mərasimləri və müsabiqənin koordinasiya işlərinin yüksək peşəkarlıqla həyata keçirildiyinə şəxsən şahidəm.

- Bloq şagirdlərinizə, fənninizin tədrisinə necə kömək edir?
- Bloq müəllim bloqu olduğu üçün fizika üzrə illik və cari planlaşdırmanı əhatə edən materiallarla zənginləşdirilməkdədir. Bu baxımdan, İKT infrastrukturu normal təchiz olunmuş hər bir fizika fənn kabinetində real olaraq dərslərdə istifadəyə tam yararlıdır. Hətta bloqumun daimi istifadəçiləri olan müəllimlər mənə təşəkkür edirlər.

- Müasir dövrə uyğunlaşmaq üçün müəllimlər hansı üsullardan istifadə etməlidir?
- Düşünürəm ki, müasir müəllim aktiv və pozitiv düşüncəli müəllimdir. O müəllim daim yaradıcı yanaşma üçün yeniliklər axtarışındadır. Bu baxımdan, müəllimlər müasir üsullardan istifadə edərək fənn kurikulumu standartlarına cavab verən dərs qura bilmələri üçün məktəblərin İKT infrastrukturundan bəhrələnməlidirlər.

- Bir qalib kimi nə demək istəyirsiniz və gələcək planlarınız nədir?
- Çox şadam ki, müsabiqənin 5-ci ilində, yəni artıq peşəkar və kompetensiyalara davamlı layihələrin qatıldığı bir dövrdə respublikanın qabaqcıl müəllimləri ilə birgə çiyin-çiyinə mübarizə apardım və qalib oldum. Bu xüsusi bir fərəh hissi verir. Gələcəkdə bloq işimi fərqli bir yönümdə davam etdirməyi, Təhsil Nazirliyinin digər layihələrində də aktiv iştirak etməyi planlaşdırıram. Digər müəllim həmkarlarıma da bu tipli müsabiqələrə qatılmağı, öz yaradıcı potensiallarını kəşf etmələrini tövsiyə edirəm.

Siz müəllimlərə öz yaradıcı potensiallarını kəşf etmələrini tövsiyə edirsiniz. Mən də sizə bu maraqlı müsahibə üçün təşəkkür, işlərinizdə uğurlar arzu edirəm.

"Azərbaycan müəllimi" qəzeti