Elektron Təhsil Müsabiqəsinin qalibləri seçilib PDF Çap Elektron poçt ünvanı
17.06.11 09:53

“Elektron Təhsil” Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı  keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun - 3-cü mərhələsinin nəticələri müzakirə olunub.

Məlum olduğu kimi Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi  ilə  bağlı qiymətləndirmə və səsvermə prosesi artıq başa  çatıb.

Səsvermənin 2-ci mərhələsinin yekununda 5 Nominasiya üzrə 601 resurs arasından  ən yaxşılar olan 98 resurs Nominant statusu almışdı.

Təşkilat Komitəsinin toplantısında  səsvermənin yekun mərhələsinin də şəffaf və ədalətli formada keçirilməsi üçün yetərli şəraitin yaradıldığı  qeyd olunub. Səsvermənin yekun prosesinin  Münsiflər Heyətinin üzvləri tərəfindən elektron  formada gizli olaraq  keçirildiyi  vurğulanıb. Səsvermə prosesində Nominantlara aidiyyatı olan  Münsiflər Heyəti  üzvlərinin səslərinin  nəzərə alınmadığı, iki Nominasiyada qalib gələnlərə Əsasnaməyə uyğun olaraq yalnız bir  qiymətli hədiyyənin verilməsi ilə bağlı məlumatlar nəzərə alınıb.

Təşkilat Komitəsinin toplantısında elektron təhsil resurslarının  hazırlanması istiqamətində müəllimlər arasında  artıq  rəqabətin formalaşdığı da vurğulanıb. Gələcəkdə Müsabiqənin Əsasnaməsinin daha də təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Toplantıda  qaliblərin mükafatlandırılması ilə  bağlı Təqdimat mərasiminin keçirilməsi məsələsi də müzakirə olunub.
18 iyun  2011-ci il tarixdə saat 10.00-da Təhsil nazirliyinin Akt Zalında  Müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasiminin  keçirilməsi nəzərdə tutulub. Qaliblərin adları Təqdimat mərasimində açıqlanacaq.

Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq qaliblərin adları Təqdimat mərasimindən sonra saytda yerləşdiriləcək və KİV də  dərc olunacaq.

 Bu ilki Müsabiqədə hər bir  Nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə , hər bir Nominasiya üzrə fərqlənənlərə və ən çox layihə təqdim edən məktəbə diplomların və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub.

 “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Elektron Təhsil Müsabiqəsi HP, Ultra, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Azerfon-Vodafone və Mədəd təşkilatları tərəfindən dəstəklənir.


Müsabiqənin Təşkilat Komitəsi