”Elektron Təhsil“ Respublika müsabiqəsinin Əsasnaməsi

 

I.  Ümumi müddəalar

    1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci maddəsinin 3.3.7. bəndinə - “Təhsil proqramları, tədris resursları, təlim metodikaları, təhsil verənlər, təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi” uyğun olaraq “Elektron Təhsil” Respublika müsabiqəsinin (bundan sonra Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
    1.2. Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində yerləşdirilir.

II. Müsabiqənin məqsədi

    2.1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
      2.1.1. Elektron tədris resurslarının tədris prosesində tətbiqinə metodiki dəstək vermək;
      2.1.2. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək;
      2.1.3. Ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq;
      2.1.4. İnternetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq;
      2.1.5. Tədris məqsədilə müəllimləri İnternetdən fəal istifadəyə cəlb etmək;
      2.1.6. Tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını axtarmaq;
      2.1.7. Təhsil müəssisələrində elektron resurslarından istifadəni genişləndirmək;
      2.1.8. Müəllimləri elektron resurslarını yaratmaq, istifadə etmək və inkişaf etdirmək baxımından həvəsləndirmək.

III. Müsabiqənin təşkili

    3.1. Müsabiqənin keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən Təşkilat Komitəsi yaradılır.
    3.2. Təşkilat Komitəsinə təhsil və informasiya texnologiyaları sahəsində nüfuzu olan, elektron tədris resurslarının yaradılması və istifadəsi sahəsində biliyə malik mütəxəssislər cəlb edilir.
    3.3. Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədilə Təşkilat Komitəsi Münsiflər heyətinin və Ekspert komissiyasının üzvlərini təyin edir.

IV. Müsabiqənin məzmunu

    4.1. Müsabiqə üç istiqamətdə keçirilir:
      4.1.1. “Müasir məktəbdə elektron tədris resursları” ;
      4.1.2.“Təhsildə  İnternet texnologiyaları”;
      4.1.3.“Milli elektron tədris resurslarının yaradılması”.

    4.2. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə tədris prosesində elektron tədris resurslarının tətbiqinə aid olan materiallar təqdim edilir. Eyni zamanda bu istiqamət üzrə  aşağıda qeyd olunanlar təqdim edilə bilər:

      4.2.1. Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli;
      4.2.2. “1 şagird : 1 kompyuter” modeli üzrə yaradılan ən uğurlu dərs/tədris layihəsi;
      4.2.3. Bir və ya bir neçə tədris fənninin  müxtəlif bölmələrini və ya konkret   bir  dərsi əhatə edən təlim materialları;
      4.2.4. Şagirdlərin elektron tədris resurslarından səmərəli istifadə etməklə müstəqil fəaliyyətlərinin təşkili üçün metodiki tövsiyələri;
      4.2.5. Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş elektron resurslardan istifadə edilməklə hazırlanan dərs/tədris layihəsi nümunələri;
      4.2.6.Veb 2.0 texnologiyaları (əməkdaşlıq vasitələri, ünsiyyət vasitələri, təhsil ılə bağlı vasitələr, təsvir/şəkil/foto emalı vasitələri, əyləncə vasitələri, multimedia (audio, video, TV) vasitələri, fayl paylaşımı və müştərək iş, veb axtarışı və səhifə yaradılması üçün alətlər, rəqəmsal hekayə yaratmaq üçün alətlər, xəritə yaratmaq üçün alətlər, qiymətləndirmə, sorğu alətləri və s.) əsasında hazırlanan tədris materialları.

    4.3. “Təhsildə İnternet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər.
    Burada  “İnternet resurs” dedikdə, İnternetdə daimi ünvanı olan müstəqil bir İnternet səhifəsi və səhifədə yerləşən bir bölmə başa düşülür. Bu resurslarda yerləşdirilən informasiyalar məktəbəqədər, ibtidai və ümumtəhsil sisteminə aid təhsil müəssisələrində təlim və tərbiyə prosesinə dəstək məqsədi daşımalıdır. Offlayn formatda informasiya resursları, distant təhsil sistemləri, ayrıca sənədlər, metodiki işlər, plan-konspektlər, elektron dərsliklər, foto və video materiallar bu müsabiqəyə aid edilmir və təqdim oluna bilməz.
    Müsabiqəyə təqdim edilən resurs və bloqlara giriş sərbəst və pulsuz olmalıdır. Yəni, onlara baxış üçün qeydiyyat tələb edilməməlidir. Bütün resurslar ən geniş yayılmış İnternet Explorer, Mozilla Firefox, Opera, Google Chrome vasitəsilə əlavə proqram təminatı tələb etmədən istifadəyə yararlı olmalıdır.
    Müsabiqəyə təqdim edilən materiallarda müəllif hüquqlarına əməl olunmalıdır.

    4.4. “Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə Milli elektron tədris resursları müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirməlidir. Elektron tədris resursları mətn, nitq, musiqi, foto, video, qrafika, animasiya və interaktiv komponentləri özündə əks etdirməlidir. Milli elektron tədris resursları texniki, məzmun və dizayn-erqonomika baxımından tələblərə cavab verməlidir.

V. Müsabiqənin iştirakçıları

    5.1. Müsabiqədə aşağıdakılar iştirak edə bilər:
      5.1.1. Təhsil müəssisələrinin pedaqoji heyəti;
      5.1.2. Təhsil   işçilərinin  ixtisaslarının  artırılması  ilə  məşğul  olan qurumların   metodiki xidmətlərinin əməkdaşları;
      5.1.3. Pedaqoji ali məktəblərin tələbə və aspirantları;
      5.1.4. Valideynlər;
      5.1.5. Şagirdlər.
    5.2. Müsabiqəyə yalnız müəllimlər tərəfindən hazırlanan bloqlar təqdim edilə bilər.

VI. Müsabiqənin nominasiyaları

    6.1. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
      6.1.1.“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə:
      - Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli;
      - “1 şagird : 1 kompyuter” modeli üzrə ən uğurlu dərs/tədris layihəsi;
      - Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi;
                   - Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi.
      6.1.2. “Təhsildə  İnternet texnologiyaları” istiqaməti üzrə:
      - Təhsildə İnternet resursları; 
      -  Müəllim bloqları.
      6.1.3.“Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə:
      - Milli elektron tədris resurslarının yaradılması.
    6.2. Təqdim edilmiş ərizələrin və müsabiqə üçün qəbul edilmiş işlərin sayından asılı olaraq, Təşkilat Komitəsi sponsor təşkilatlar, şirkətlər və ictimai qurumlar tərəfindən ayrı-ayrı fənlər və fənn qrupları üzrə “Xüsusi nominasiyalar” da təsis edə bilərlər.

VII. İşlərin müsabiqəyə təqdim edilməsi və işlərə qoyulan tələblər

    7.1. İddiaçı müsabiqədə iştirak etməsi üçün www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.
    7.2. İşlərin müsabiqəyə təqdim edilməsi www.müsabiqe.edu.az səhifəsində elektron ərizə formasının (1 saylı Əlavə) doldurulması ilə həyata keçirilir. İnternet resurslar onlayn formada www.müsabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.
    7.3. Ərizədə müəllif və təşkilat haqqında məlumatlar, layihənin adı və işin qısa təsviri öz əksini tapmalıdır.
    7.4. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan resursda qeydiyyat tələb olunan hissələr olarsa, resursu təqdim edən bu resursa daxil olmaq məqsədilə Ekspert komissiyasına və ya Münsiflər heyətinə müvafiq giriş məlumatları verməlidir.
    7.5. “Müasir məktəbdə elektron tədris resursları”  istiqaməti  üzrə  işin  təsviri  MS Word formatındakı sənəd şəklində təqdim edilir (А4 səhifə, TimesNew Roman şrifti, 12 ölçüdə, sətirlər arası tək, 2 MB-dan çox olmamaqla). Təsvirdə qrafik əlavələr, dərc edilmiş yazılara keçidlər, mövzu üzrə çıxış və müəllifin internet resursları da ola bilər. İşin tövsiyə edilən həcmi 15 səhifədən çox olmamalıdır.
    İşin təsvirinə əlavə materiallar da qoşula bilər. Bu materiallar, əsasən, işin daha geniş izahatına və ya onun tədris prosesində tətbiqinə aid olmalıdır (Əlavə materiallar PowerPoint təqdimatı, şagirdlər üçün tapşırıqlar və s. ola bilər). Bütün əlavə materiallar arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Materialların siyahısı isə ərizənin müvafiq qrafasında qeyd olunmalıdır.
    7.6. Müsabiqəyə qrup halında hazırlanmış metodiki tədris işləri də buraxılır. Həmin qrup üzvünün birinin adı onlayn ərizə formasında göstərilməli, digər üzvləri barədə məlumat isə layihənin qısa təsviri olan sənəddə qeyd edilməlidir.
    7.7. Ərizəyə əlavə olaraq verilən qısa təsvirdə təqdim edilən metodiki tədris işinin ümumi xarakteristikası, onun təyinatı və praktiki istifadə üsulları yer almalıdır.
    7.8.İştirakçılar öz layihələrinin qısa təsvirini video çarx şəklində www.musabiqe.edu.az səhifəsində yerləşdirə bilərlər.

VIII. Müsabiqənin mərhələləri

    8.1. Müsabiqə dörd mərhələdə həyata keçirilir:
      8.1.1. I mərhələ işlərin texniki ekspertizası;
      8.1.2. II mərhələ işlərin Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi;
      8.1.3. III mərhələ işlərin Münsiflər heyəti tərəfindən qiymətləndirilməsi;
      8.1.4. IV mərhələ Münsiflər heyəti tərəfindən seçilmiş nominantların hazırladıqları işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı.
      Təqdimat zamanı hazırlanmış işin müsabiqə iştirakçısı tərəfindən hazırlanmadığı müəyyən olunarsa, Təşkilat Komitəsinin qərarı ilə Münsiflərin verdiyi səslər ləğv edilir.

IX. Qiymətləndirmə qaydası

    9.1. I mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqəyə təqdim edilmə qaydaları yoxlanılır.
    9.2. II mərhələdə Təşkilat Komitəsi tərəfindən cəlb edilən ekspertlər təqdim edilən işlərin bu Əsasnamənin tələblərinə uyğun olaraq tərtib edilməsini nəzərdən keçirərək müsabiqənin növbəti mərhələsinə buraxılması haqqında rəy hazırlayırlar. Bu rəy əsasında təqdim edilən işlərin növbəti mərhələyə buraxılması haqqında Təşkilat Komitəsi tərəfindən qərar qəbul edilir və həmin iştirakçıların siyahısı www.musabiqe.edu.az səhifəsində yerləşdirilir.
    9.3.III mərhələdə Münsiflər heyəti bu Əsasnamə ilə nəzərdə tutulan meyarlara (Əsasnaməyə 2, 3 və 4 saylı Əlavələr) uyğun olaraq təqdim edilən işlərin qiymətləndirilməsini həyata keçirir.
    9.4. Təqdim edilən işlər Münsiflər heyəti tərəfindən 0-10 bal sistemi ilə qiymətləndirilir.
    9.5. IV mərhələdə işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı.
    9.6. Müsabiqədə qalib gəlmiş resurs və ya bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir resurs növbəti 3 il ərzində müsabiqəyə təqdim oluna bilməz.

X. Seçim meyarları

    10.1. Ekspert və Münsiflər heyətinin üzvləri aşağıdakı prinsiplər əsasında qiymətləndirməni həyata keçirirlər:
      10.1.1. İşin tədris məqsədləri üçün praktiki əhəmiyyəti;
      10.1.2. Metodiki baxımdan işlənmə səviyyəsi;
      10.1.3. Materialın texniki-texnoloji cəhətdən rahat, aydın və ətraflı təsviri.
    10.2. Qiymətləndirmə konkret meyarlar əsasında aparılır (Əsasnaməyə 2, 3 və 4 saylı  Əlavələr).

XI. Qaliblərin müəyyən edilməsi və müsabiqənin yekunu

    11.1. Təşkilat Komitəsi tərəfindən müsabiqənin yekunu olaraq, təqdim olunan layihələr üzrə qaliblərin müəyyən edilməsi barədə qərar qəbul edilir.
    11.2. Hər nominasiya üzrə 3 qalib (1-ci, 2-ci və 3-cü yerlər) müəyyən edilir və Təşkilat Komitəsi tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılır. Toplanan balların sayı bərabər olduqda Təşkilat Komitəsi tərəfindən qaliblərin sayında dəyişiklik edilə bilər.
    11.3. Digər maraqlı tərəflər, şirkətlər, sponsorlar, ictimai qurumlar da müsabiqənin qalibləri və fərqlənənlərlə bağlı mükafatlar təsis edə bilərlər.
    11.4.Qrup halında iş təqdim edənlər qalib gəldikləri təqdirdə mükafatların sayı dəyişmir. Mükafat müəllif qrupunun rəhbərinə təqdim edilir.
    11.5. Müsabiqənin nəticələri www.müsabiqe.edu.az səhifəsində elan edilir.

XII. Müsabiqənin keçirilmə müddəti

Müsabiqənin başlanılma vaxtı və mərhələləri ilə bağlı qərar Təşkilat Komitəsi tərəfindən qəbul edilir və bu barədə Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində məlumat verilir.

XIII. Qaliblərin təltif edilməsi

Qaliblərə mükafatlar və diplomlar bu məqsədlə Təşkilat Komitəsi tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim edilir. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində yerləşdirilir.