MƏLUMAT PDF Çap Elektron poçt ünvanı
01.06.15 00:00

Müəllimlər arasında “Həyat Bilgisi və Maliyyə Savadlılığı” və

şagirlər arasında “Bu günün qənaəti sabahın təminatıdır”adlı respublika müsabiqələrinə dair

MƏLUMAT

Azərbaycan Respublikası Mərkəzi Bankı artıq bir neçə ildir ki, ölkə əhalisinin maliyyə maarifləndirilməsi məqsədilə “Maliyyə savadlılığı” layihəsini həyata keçirməkdədir. Layihə üzrə hədəf qruplara ümumtəhsil müəssisələrinin müəlim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri də daxildir.

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi sözügedən “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 2015-ci ilin 18 mart – 30 aprel tarixlərində ölkə ümumtəhsil məktəblərində müəllim və şagird heyəti arasında müvafiq olaraq “Həyat Bilgisi və Maliyyə Savadlılığı” və “Bu günün qənaəti sabahın təminatıdır” adlı 2 müsabiqə keçirmişdir.

Müsabiqələrin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəb müəllimləri arasında 2006-cı ildən başlayaraq tədris olunan Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resurslarının işlənib hazırlanması və şagirdlərə pul yığımı və qənaətcillik mədəniyyətinin daha dərindən aşılanması olmuşdur.

Müəllimlər arasında keçirilmiş müsabiqəyə 18 mart 2015-ci il tarixdən start verilmiş və 17 aprel 2015-ci ildə layihələrin qəbulu prosesi başa çatmışdır. Şagirdlər arasında keçirilən müsabiqə də eyni tarixdə başlamış və işlərin qəbulu 30 aprel 2015-ci il tarixə kimi davam etmişdir. Hər iki müsabiqədə iştirakla bağlı qaydalar müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) yerləşdirilmişdir.

Hər iki müsabiqəyə ümumilikdə 224 layihə - müəllimlərdən 133, şagirdlərdən isə 91 layihə təqdim olunmuşdur. Bunlardan 7 müəllim işi və 19 şagird işi müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməmişdir. Beləliklə, müsabiqələrin II mərhələsinə müəllimlərdən 126 layihə, şagirdlərdən 72 layihə keçmiş və bu işlər 0-10 ballıq şkala əsasında qiymətləndirilmişdir.

Hər iki müsabiqə üzrə qəbul olunmuş işlər II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiyməndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim olunmuşdur. Komissiya üzvləri Mərkəzi Bankın, Təhsil Nazirliyinin, o cümlədən iqtisadçı və müəllimlərdən ibarət olmuşdur. Səkkiz nəfərdən ibarət Ekspert Komissiyası II mərhələyə keçmiş layihələrin qiymətləndirilməsində aşağıdakı şərtləri əsas meyar kimi götürmüşdür:

  • “Həyat Bilgisi və Maliyyə Savadlılığı” nominasiyası üzrə:
    • Yaradılacaq resursun tədris prosesində əhəmiyyətli, aktual və yeni olması;
    • Hazırlanmış resursların Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xətti üzrə verilmiş alt-standartlarına uyğun olması;
    • Resursun müəyyən edilmiş nominasiyaya uyğunluğu;
    • Müsabiqə materiallarının məzmununun təhsil sahəsində müasir tələblərə uyğun olması;
    • Təqdim olunan resursların orijinal olması (plagiatçılığa yol verilməməli);
    • Hazırlanmış materialın dəqiq, sistemli və aydın olması;
    • Resursdan müstəqil istifadə etmə imkanlarının olması;
    • Materialın dilinin aydın, səlis və başa düşülən olması;
    • Resursun məzmununda elmliyinin təmin olunması;
    • Məzmunda fikir ardıcıllığının təmin edilməsi.
  • “Bu günün qənaəti sabahın təminatıdır” nominasiyası üzrə:
    • Filmin tədris prosesində əhəmiyyətli, aktual və yeni olması;
    • Hazırlanan filmin nominasiyaya uyğunluğu;
    • Təqdim olunan filmin orijinal olması (plagiatçılığa yol verilməməli);
    • Filmdə şagirdin özünün səsli görüntüsünün vacibliyi;
    • Filmdəki səslərin aydın, səlis və başa düşülən olması;
    • Məzmunda məntiqi ardıcıllığın olması.

Qeyd etmək lazımdır ki, mövzunun Azərbaycan müəllim və şagirdlərinə nisbətən yeni olmasına baxmayaraq, hər iki müsabiqə üzrə qəbul olunmuş işlər ümumilikdə qənaətbəxşdir. Lakin bəzi yanlışlıqlar da mövcuddur. Hər iki müsabiqə üzrə müşahidə olunan yanlışlıqlar aşağıdakı kimi qruplaşdırılmışdır:

    • Müəyyən edilmiş nominasiyaya az uyğunluq;
    • Məntiqi ardıcıllığın zəif olması;
    • Verilmiş alt-standartlardan qarışıq istifadə;
    • Texniki çatışmazlıqlar;
    • Mövzudan kənarlaşmalar.

Hər iki müsabiqə üzrə 3 qalib (I, II və III yerlər) və fərqlənənlər müəyyən edilmişdir. Müsabiqələrin qaliblərinə xüsusi diplomların təqdim olunması və sponsorlar tərəfindən müxtəlif dəyərli hədiyyələrin – noutbuklar, planşetlər, printerlər və s., eləcə də fərqlənənlərə xüsusi mükafatlar verilmişdir. Müsabiqələr Mərkəzi Bankın “Maliyyə savadlılığı” layihəsinin fəal iştirakçıları olan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, AccessBank ASC və FİNCA Azərbaycan təşkilatları tərəfindən dəstəklənmişdir.