Mayın 26-da Təhsil Nazirliyi və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Həyat bilgisi və maliyyə savadlılığı”, “Bu günün qənaəti sabahın təminatıdır” mövzularında keçirilmiş respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. PDF Çap Elektron poçt ünvanı
27.05.15 00:00

 Müsabiqələrin keçirilməsində məqsəd şagird və müəllimlər tərəfindən maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlərin hazırlanması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.

Müsabiqələr “Maliyyə savadlılığına aid ən yaxşı resurs” və “Şagirdin məqsədli qənaəti” nominasiyaları üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilib. Müsabiqələrin I mərhələsinə ümumilikdə 223 iş təqdim olunub.

Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin Mərkəzi Bankın nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdlər iştirak ediblər.

Ceyhun Bayramov çıxışında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, qloballaşan dünyada insanın özünü təsdiq etməsi, müasir zaman tələblərinə cavab verməsi üçün praktiki bilik və səriştəyə yiyələnməsi zəruridir. İstedadlı uşaqların erkən yaşdan müəyyən olunması və onların qayğı ilə əhatə edilməsinin vacibliyindən danışan Ceyhun Bayramov təhsil islahatlarında bu amilin nəzərə alındığını qeyd edib.

Sonra çıxış edənlər hər iki müsabiqənin şagird və müəllimlərin maliyyə savadlılığının artırılmasına müsbət təsiri barədə fikirlərini açıqlayıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.